QHT və MEDİA
A- A A+

Dövlətçilik tariximizin parlaq səhifəsi

2020-06-04 11:05:08

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaradılması xalqımızın o dövrdə və o illər ərzində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaranmış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Heydər ƏLİYEV.

Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 May ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini (AXC) elan etmişdir. Ancaq bu cümhuriyyətin yaradılması son dərəcə çətin və mürəkkəb tarixi-siyasi proseslərin cərəyan etdiyi bir dövrə təsadüf olunurdu. Rusiyada oktyabr inqilabından sonra 1917-ci ilin noyabrında müstəqil Zaqafqaziya Komissarlığı, daha sonra Zaqafqaziya Seymi yaradıldı. 1918-ci il may ayının 26-da Gürcüstan müstəqilliyini elan edərək Seymdən çıxdı.

May ayının 27-də isə Seymin müsəlman üzvlərinin fövqəladə iclasında Azərbaycan Milli Şurası yaradıldı və artıq bir gündən sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi. Müstəqillik Aktı qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə ilk hökumət yaradıldı. ilk hökuməti "Müsavat", "Müsəlman sosialist bloku", "Hümmət", "iltihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bununla da müvafiq dövlətçilik atributlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlərin əsası qoyuldu.

Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributları yaradıldı, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. 1918-ci il iyunun 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Həmin il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi, eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi. Vurğulamaq lazımdır ki, Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur.

Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərginliklər nəzərə alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan Milli Ordusu yaradıldı. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz islam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Səhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak - "Sentrokaspi" diktaturası devrildi. 1918-ci il sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.

Noyabrın 9-da Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Müsəlman Şərqində ilk parlamentli tarix Azərbaycan parlamentinin tarixidir. Demokratik hüquqi dövlət yaradan Xalq Cümhuriyyəti hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların, ilk növbədə parlamentin yaradılması zərurətini ən ümdə vəzifələrdən biri hesab edirdi. Parlamentin fəaliyyətə başlamasına qədər Azərbaycan Təsis Məclisi - Milli Şura və icraedici orqan - Nazirlər Kabineti çox mürəkkəb şəraitdə fəaliyyət göstərərək, Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanılmasında əhəmiyyətli işlər görmüşdü. Azərbaycan hökuməti, eləcə də parlament yeni respublikanın müstəqilliyinin Paris Sülh Konfransının iştirakçısı olan qalib qüvvələr tərəfindən tanınmasına çalışırdı.

Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də sülh konfransındakı əsas ölkələr tərə-findən Azərbaycanın de-fakto tanınmasına nail oldu. 1920-ci il aprelin 22-də süqutundan beş gün əvvəl Azərbaycan Cümhuriyyəti parlamenti Paris Sülh Konfransında missiyasını uğurla yerinə yetirmiş Azərbaycan nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəlik açmaq haqqında qanun qəbul etdi. Lakin təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xarici və daxili düşmənlərin güclü müqaviməti ilə rastlaşıb bu qara qüvvələrin təzyiqinə dözmədi. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində AXC-yə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur.

Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları millətimizin yaddaşına əbədi həkk olunmuş-dur. Xalqımız bir daha hürriyyət və azadlıq eşqini, 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz dövlət müstəqilliyini dünyaya elan etdi. Lakin bu dəfə də böyük qurban və itkilər hesabına əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı, yenə də daxili başıpozuqluq, xarici müdaxilə, bədnam qonşularımızın işğalçılıq siyasəti respublikamızı çətin vəziyyətə saldı.

Cəbhədə uğursuzluqlar bir-birini əvəz edir, bölgələrdə separatçılıq fəaliyyəti güclənir, Bakıda isə hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Respublikamızın bütün ərazilərində xaos, anarxiya tüğyan edirdi. 1993-cü ilin həyəcanlı iyun günlə-rində Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Əgər həmin vaxt ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu, qaçılmaz olacaqdı. Məhz bu böyük şəxsiyyət təhlükələri bir-birinin ardınca dəf edərək dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi üçün misilsiz işlər gördü.

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsal sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk Milli Konstitusiyamızdır. Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul edildi. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinin qorunması, xalqın iradəsinin ifadəsi kimi amilləri təmin edən dünyəvi-hüquqi, demokratik dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola - qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət mənafeyini və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqamətləri müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmişdir. Respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.

Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə uğurlu nəticələrə imza atılır. Dövlət başçısı yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu daim nümayiş etdirir. O, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır.

Anar Məmmədov millət vəkili


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 262

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...