CƏMİYYƏT
A- A A+

Türkdilli dövlətlər arasında strateji əməkdaşlıq: Azərbaycanın xüsusi rolu

2020-06-01 07:40:01

Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Son 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir.

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən əsrin 90-cı illərinin əvvəllərində qədəm qoyulub. Məhz 1992-ci ildə türkdilli ölkələrin dövlət başçılarının birinci Zirvə toplantısı keçirilib və bundan sonra ölkələrimizin liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın əsas prioritetləri və istiqamətlərini müzakirə ediblər. Lakin o dövrdə həmin Zirvə toplantıları daha çox məsləhətləşmələr funksiyasını daşıyırdı və əməkdaşlığın daimi platforması hələ ki, formalaşmamışdı. İllər keçdikcə, ölkələr arasında həm iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf etdi və həmin münasibətlərin institusional çərçivəyə salınması zamanın tələbi idi. 1993-cü ildə TÜRKSOY-un yaradılması, 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA), 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təsis edilməsi məhz bu zərurətdən irəli gəlib. Qeyd olunan qurumların yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığına önəmli təkan verib. Daha sonra 2010-cu ildə Beynəlxalq Türk Akademiyası, 2012-ci ildə Türk Mədəniyyəti və Miras Fondu və sonra Türk Biznes Şurası kimi təşkilatların qurulması müvafiq sahələrdəki əməkdaşlığımızı daha da dərinləşdirib.

Qeyd edilən qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olub. Beləliklə, türkdilli dövlətlərin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu prosesdə Azərbaycanın çox əhəmiyyətli rola malik olduğunu ayrıca qeyd etmək lazımdır.

Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Cənab İlham Əliyevin türkdilli dövlətlər arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir.

Xatırladım ki, cari il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü son dövrün ən aktual məsələsi olan koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Qeyd etmək lazımdır ki, bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşüb. Zirvə görüşündə bilavasitə pandemiyaya qarşı mübarizə çərçivəsində iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq prinsipləri, həyata keçirilən tədbirlər, təhlükəsizliyin və sağlamlığın qorunması, həmçinin pandemiya sonrası iqtisadi tənəzzüldən qurtulmaq üçün atılacaq addımlar geniş müzakirə olunub.

Zirvə görüşündə ölkə rəhbərlərinin qəbul etdikləri qərara əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqamətində səylərin birləşdirilməsi məqsədilə aprelin 28-də Türk Şurasının Səhiyyə nazirlərinin, 30 aprel tarixində Türk Şurasının nəqliyyat sahəsi üzrə məsul nazirləri, 6 may tarixində üzv ölkələrin İqtisadiyyat nazirləri və Gömrük İdarələri rəhbərlərinin toplantısı və 7 may tarixində Miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı videokonfrans vasitəsilə keçirilib. Bu toplantılar çərçivəsində bir daha böyük platforma olaraq Azərbaycan Prezidentinin yaratdığı və təşəbbüskarı olduğu bu mexanizmin nə qədər effektiv, nə qədər vacib, nə qədər lazımlı olduğu və krizis dövründə idarə edilmə mexanizmi üçün nə qədər əhəmiyyətli olduğu bir daha ön plana çıxıb.

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır və ticarət və investisiya imkanlarının möhkəmlənməsinə kömək edir.

Məlum olduğu kimi, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin ev sahibliyində imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, 2019-cu ilin oktyabr ayının 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının Zirvə görüşü cənab Prezident İlham Əliyevin ev sahibliyi ilə Azərbaycanda keçirilib. Burada, həmçinin Türk Şurasının 10 illik yubileyi qeyd olunmuşdur. Zirvə əsnasında Özbəkistanın tamhüquqlu üzv olaraq təşkilata qatılması Türk Şurasının xüsusi uğurudur və Azərbaycan burada müstəsna rol oynamışdır. Türkdilli dövlətlərin birliyi və bərabərliyinin daha da güclənməsi siyasi, iqtisadi, sosial münasibətlər cəhətdən daha da gücləndirilməsi istiqamətində körpü rolunu oynamaqda davam etməkdədir.

Qeyd etmək istərdim ki, 2013-cü ildə dövlət başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilmişdir. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk Diaspor mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.

TÜRKPA isə tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək parlament diplomatiyası vasitəsilə türk xalqlarının və dövlətlərinin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır. TÜRKPA-nın ilk Baş katibi olaraq dörd il Parlament Assambleyasına rəhbərlik etmiş bir şəxs kimi və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı və digər üzv dövlət başçılarının hərtərəfli dəstəyi ilə seçilmiş və dörd il Türk Şurasının Baş katibi olaraq fəaliyyət göstərmiş bir şəxs kimi deyə bilərəm ki, dövlət başçılarımızın vermiş olduğu tapşırıqlar uğurla həyata keçirilməkdədir və iqtisadi, siyasi, strateji əməkdaşlıq istiqamətində məhz bu qardaş təşkilatlar ikitərəfli platformanın çoxtərəfli platformaya çevrilməsinin ən gözəl nümunəsidir.

Eyni zamanda, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatlar da ölkələrimiz arasında elm, təhsil və mədəni-humanitar əlaqələrin inkişafına böyük töhfələr verir. Bu təşkilatlar vasitəsilə türkdilli ölkələr həm öz milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir güc kimi təmsil olunurlar. Buna görə bu birliyin güclənməsi zamanın tələbinə çevrilmişdir.

Yuxarıda qeyd olunanlarla yanaşı, şübhəsiz, qardaş türk respublikaları – Özbəkistan və Türkmənistanla olan əməkdaşlığın genişləndirilməsi də çox əhəmiyyətlidir. Əlbəttə, bu könüllü əsasda olmalıdır. Qeyd etmək lazımdır ki, türkdilli ölkələrin dövlət başçılarının 2018-ci ilin sentyabr ayında Qırğızıstanda keçirilmiş Zirvə toplantısında, təxminən 20 illik fasilədən sonra Özbəkistan dövlət başçısı səviyyəsində iştirak etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Macarıstan Türk Şurasında müşahidəçi statusu almışdır. Macarıstanın Baş Naziri Viktor Orban da Qırğızıstanda keçirilən Zirvə görüşünün iştirakçısı olmuşdur. Artıq bu ölkələrin təmsilçiləri Türk Şurası və TÜRKPA-nın toplantılarında müşahidəçi və qonaq qismində iştirak edirlər. Bu fəaliyyətlər gələcəkdə qardaş ölkələrin türk əməkdaşıq qurumlarında tamhüquqlu üzv kimi iştirak etmələri üçün əlverişli zəmin yaradır. Bu da Türk Şurası və digər türk əməkdaşlıq qurumlarının dövlət başçılarımızın vermiş olduğu tövsiyələrə və istiqamətə uyğun olaraq fəaliyyətinin bariz göstəricisidir.

Türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələləri də vurğulaya bilərik. Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır ki, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə toplantılarının qəbul etmiş olduğu qətnamələrində xüsusi olaraq vurğulanmışdır. Bunu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda, türkdilli dövlətlər tərəfindən Azərbaycanın haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə və həmrəylik kimi qəbul edə bilərik.

Türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlayış şəklində münasibətlərini inkişaf etdirirlər. Ona gərə də türkdilli ölkələr arasında Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatlar digər üzv olmayan ölkələr və təşkilatlar üçün hər zaman açıq olmuşdur. Dövlət başçılarımız dəfələrlə öz bəyanatlarında bunu xüsusi olaraq vurğulamışlar ki, bizimlə qarşılıqlı əməkdaşlığa maraq göstərən bütün təşkilatlar və ölkələr bu təşkilatların içərisinə inteqrasiya edə bilərlər və bununla da ölkələrimizin hər birinin ortaq maraqlarına xidmət edəcək şəkildə məmnunluq duyulacaq. Məhz buna görə də Özbəkistan, Türkmənistan və Macarıstan bu inteqrasiya prosesinə qoşulmuşlar və əminik ki, bu proses gələcəkdə daha da inkişaf edərək davam edəcəkdir.

Bundan əlavə, yuxarıda qeyd olunan türk əməkdaşlıq qurumları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Türk Şurası BMT, BMT-nin İnkişaf Proqramı, Dünya Ticarət Təşkilatı, ATƏT və digər nüfuzlu təşkilatlar ilə mükəmməl dialoq qurmuşdur. TÜRKPA İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Beynəlxalq Parlamentlərarası İttifaq, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və Asiya Parlament Assambleyası tərəfindən müşahidəçi statusu almışdır. Eyni zamanda, Assambleya ATƏT, ATƏT PA, Avropa Parlamenti, İƏT, GUAM, MDB PA, Baltik Assambleyası və QDİƏT Parlament Assambleyası kimi bir sıra hökumətlərarası və parlamentlərarası təşkilatlarla əlaqələri inkişaf etdirir və fəaliyyətlərində qonaq qismində iştirak edirlər. Beynəlxalq əməkdaşlıq çərçivəsində, TÜRKSOY qeyri-maddi mədəni irsin qorunması ilə bağlı UNESCO ilə birgə fəaliyyətlər həyata keçirməklə əlaqələri inkişaf etdirir. Digər beynəlxalq təşkilatlarda bu cür səviyyədə iştiraklar, türkdilli ölkələrə onların maraq dairəsində olan məsələlərin müzakirəsi və beynəlxalq arenada dəstəklənməsində ortaq mövqedən çıxış etmək üçün önəmli imkanlar yaradır.

Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr da mövcuddur. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Təkcə 2017-ci ildə Azərbaycanın Türk Şurası ölkələri ilə ticarət dövriyyəsi 11,4 faiz, 2018-ci ilin 8 ayı üzrə isə 16 faiz artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Türk Şurası ölkələrinə 14 milyard ABŞ dollarından çox, Türk Şurası ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan artıq sərmayə yatırıb. Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər Türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş imkanlar var. Bundan başqa birlik ölkələri arasında investisiya yatırımı və onlayn ticarətin genişlənməsi də önəmli imkanlardan hesab olunur.

19 oktyabr 2018-ci ildə Türkiyədəki dünya miqyasında çox önəmli layihələrdən olan “Star” neft emalı zavodunun açılışını qeyd etmək lazımdır. 6.3 milyard ABŞ dolları dəyərində olan bu layihə, əslində, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğunu, bu əlaqələrin hansı istiqamətdə getdiyini və iki ölkə arasında olan strateji əməkdaşlıqdan xəbər verir.

Qardaş dövlətlər olan Qazaxıstanın Türkiyə ilə ikitərəfli ticarət dövriyyəsi dörd milyard dollar təşkil edir. Qırğızıstan ilə bu rəqəm bir milyard dolları ötmüş, Azərbaycan ilə yarım milyard dollara çatmışdır.

Bu faktlar göstərir ki, ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiyə, həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir.

Dövlətimizin iqtisadi qüdrətinin artması regionda həyata keçirilən transmilli layihələrin uğuruna təminatı artırır. Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Eləcə də Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında imzalanmış Türk qardaş limanları haqqında Anlaşma Memorandumu türkdilli ölkələr arasında nəqliyyat dəhlizlərinin inkişaf planları ilə milli nəqliyyat planlarını birləşdirən daha səmərəli regional nəqliyyat sisteminin yaradılması üçün nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilir.

Həmçinin ölkələrimizdə irimiqyaslı infrastruktur layihələri də reallaşdırılır. Ən çətin infrastruktur layihələrindən biri Mərmərə dəmir yolu tuneli və şəhərətrafı kütləvi dəmir yolu nəqliyyat sistemidir. 2013-cü ilin oktyabrında Türkiyənin Baş Naziri vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan iki qitə arasında dünyada ilk sualtı dəmir yolunun açılmasını həyata keçirdi. İstanbul boğazının hər iki tərəfində dəmir yolu parçaları bir-birinə boğazın altından keçən tunel vasitəsilə bağlanır. Layihə hazırda dünyada ən böyük infrastruktur layihələrindən biridir.

Yeni nəqliyyat infrastrukturunun yaradılması ilə türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülmüş nəhəng işlər xüsusilə vurğulanmalıdır. İlk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, qlobal layihədir və Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçməsindən sonra Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olmuşdur ki, bu imkanları ilə Ələt regionda ən böyük qeyri-neft yüklərin daşınması limanıdır. Limanın da əhəmiyyəti çox önəmlidir, Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması onun önəmini artırır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan da hazırda bir sıra böyük miqyaslı layihələr həyata keçirməkdədir. Buna Qərbi Çin-Qərbi Avropa avtomagistralının Qazaxıstan hissəsini misal göstərmək olar. Qazaxıstan artıq Qorqas-Jetiqen və Qərbi Qazaxıstan-Türkmənistan sərhədi dəmir yol xətlərini istismara verib və Mərkəzi Qazaxıstanla Qərbi Qazaxıstanı birləşdirən böyük dəmir yolu xətti salmaqdadır.

Qırğızıstan Respublikası da nəqliyyat infrastruktur layihələrinin icrasına başlamışdır. Bunlardan biri Mərkəzi Asiya və Çini birləşdirən Bişkek-Narın-Toruqart yolunun bərpasına yönəlmişdir. Oş şəhərindən başlayan, cənub-qərbə qədər davam edən və Tacikistanla sərhəddə yerləşən İsfana şəhərində sona çatan Oş-Batken–İsfana yolunun bərpası əhəmiyyətli dərəcədə Cənubi Asiya ticarət bazarlarına çıxışı təmin edəcəkdir. Oş-Calal Abad-Kok-Yanqak və Balıkçı-Bişkek-Luqovoye (Qazaxıstan) marşrutları isə müvafiq olaraq, Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiya ilə birləşir. Onların Avrasiya dəmir yolu dəhlizinə bağlı Avropa, Mərkəzi Asiya və Çinlə birləşməsi gözlənilir.

“Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolunun inşasına gəlincə, bu layihənin məqsədi Avrasiya transkontinental dəmir yolu Qırğızıstan ərazisindən keçən və İran körfəzi və Aralıq dənizini birləşdirən Cənub dəhlizini inkişaf etdirməkdir. Bu layihənin həyata keçməsi ilə Şərqi Asiyadan Yaxın Şərqə və Cənubi Avropaya gedən yolun uzunluğu 900 km-ə qədər, çatma vaxtı isə 7-8 günə qədər azalacaq.

Hazırda türkdilli ölkələrdə digər enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə hazırlıq görülür. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr türk dünyasının xalqlarına tərəqqi və inkişaf gətirir.

Yekun olaraq qeyd etmək lazımdır ki, yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq, bu prosesdə Azərbaycanın müstəsna əhəmiyyəti, gələcəkdə türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcəkdir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.

Ramil Həsən

Milli Məclisin deputatı


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 204

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...